Tanınmış məşqçinin 75 yaşı təntənə ilə qeyd olunub

0.png

          Azərbaycanda cüdo idman növü üzrə ilk məşqçlərdən biri kimi tanınan əməkdar məşqçi Tərlan Həsənovun 75 yaşı tamam olub. O, müxtəlif beynəlxalq yarışlarda  ölkəmizi layiqincə təmsil edən çoxsaylı idmançılar yetişdirib.  

          Valideynləri tanınmış incəsənət adamları olan Tərlan Həsənov kiçik yaşlarından idmana maraq göstərib. Yeniyetmə yaşlarında sərbəst güləş üzrə Bakı və respublika çempionu olub. Belarusda hava-desant qoşunlarında keçdiyi üçillik hərbi xidməti dövründə isə döyüş sambosunun və cüdonun sirlərinə yiyələnib, sonralar hər iki növ üzrə nailiyyətlər də əldə edib. 

          Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirsə də, Tərlan müəllimin pedaqoji karyerası yalnız idmanla bağlıdır. O, uşaq-gənclər idman məktəbində, bir sıra idman klublarında müəllim-məşqçi kimi fəaliyyət göstərib. Ömrünün ahıl çağında da öz işindən ayrılmayan bu əməksevər məşqçi zəngin təcrübəsini, bilik və bacarığını yorulmadan gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam böyüməsinə sərf edir. 

          Bu günlərdə Bakının ziyafət salonlarından birində əməkdar məşqçinin anadan olmasının 75-ci ildönümü tənətənəli şəkildə qeyd edilib. Hazırda onun məşqçi-müəllim kimi çalışdığı “Judo Club 2012” idman klubunun da daxil olduğu “Azman” holdinqin rəhbərliyi tərəfindən təşkil olunmuş mərasimdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının, idman ictimaiyyətinin nümayəndələri, dünya və Avropa çempionları, müxtəlif beynəlxalq yarışların qalibləri, yaxın və uzaq xaricdən gəlmiş qonaqlar iştirak ediblər. Tədbirdə çıxış edənlər Tərlan Həsənovun Azərbaycan idmanının inkişafındakı diqqətəlayiq xidmətlərindən, istedadlı məşqçi-müəllim və vətənpərvər insan kimiona xas olan məziyyətlərdən söz açıb, yubilyarla bağlı xatirlələrini söyləyiblər, xoş arzularını çatdırıblar.

          Əməkdar məşqçi mərasimdəki çıxışında ölkəmizdə idmana və idmançılara göstərilən dövlət qayğısından məmnunluğunu ifadə edib, tədbirin təşkilatçılarına minnətdarlığını bildirib, cüdonun təbliğində və təşviqində, uşaq və gənclərə öyrədilməsində bundan sonra da fəal iştirak edəcəyini deyib.

Oxunma sayı: 1516 2017-11-29 13:30:38