Avropa Kuboku “Judo Club 2012”nin yetirmələri üçün iki medalla yadda qaldı

6.jpg

 

     Mayın 6-7-də ölkəmiz daha bir mötəbər yarışa - ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku turnirinə ev sahibliyi edib. İlk dəfə olaraq Göygöl Olimpiya Kompleksində təşkil olunan turnir ölkəmiz üçün yadda qalan olub.

Avropa Cüdo Birliyinin (EJU) rəsmi təqviminə daxil olan turnirdə ümumilikdə 18 ölkədən 268 idmançı qüvvəsini sınayıb. Azərbaycan idmançıları yarışda uğurla çıxış edərək 7 qızıl, 5 gümüş və 9 bürünc medal qazanıblar.

Əldə olunan medallardan ikisi “Judo Club 2012”nin yetirmələrinin payına düşüb. Klubun təmsilçilərindən Mehdi Cəfərov (66 kq) və Aytac Yolçuzadə (44 kq) gümüş medala sahib çıxıblar. Qaliblər diplom və medallarla təltif olunublar.

Qeyd edək ki, Azərbaycan yığması yarışda medal əyarına görə ümumi hesabda və oğlanlar arasında birinci, qızlar arasında isə ikinci yeri tutub.

 

Oxunma sayı: 279 2023-05-08 14:58:00