Cüdo üzrə Azərbaycan çempionatı başa çatdı

23.jpg

 

Bakı İdman Sarayında keçirilən cüdo üzrə Azərbaycan çempionatına dekabrın 7-də yekun vurulub.
Çempionatın son günündə cüdoçular komanda yarışlarında güclərini sınayıblar.
Turnirdə qadınlar arasında 5, kişilər arasında 7 komanda kubok uğrunda mübarizə aparıb.
Qadınların yarışında -52 kq, -57 kq, -63 kq, -70 kq və +70 kq, kişilərdə isə -66 kq, -73 kq, -81 kq, -90 kq və +90 kq çəki dərəcələrində ümumilikdə 80 cüdoçu tatami üzərinə çıxıb.
Qadınların komanda yarışlarında çempion adını Şuşa UGİM komandası qazanıb. "Umbayev Sport Club" ikinci, "Neftçi" İdman Klubunun birinci komandası isə üçüncü yeri tutub. 
Kişilər arasında komanda yarışlarında isə bütün rəqiblərinə qalib gələn "Konakan TT" klubu birinci yerə layiq görülüb. "Azəri-Cüdo" İKİB ikinci,  "Sərhədçi" İM və "Atilla" İK komandaları isə üçüncü yerə sahib çıxıb. 
Xatırladaq ki, çempionatın ilk iki günündə "Judo Club 2012" klubunun üzvləri 1 qızıl və 4 gümüş medal qazanıblar. Klubun üzvlərindən Nazir Talıbov (-66 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Murad Muradlı (-60 kq), Hüseyn Allahyarov (-66 kq), Rüfət Şövlətov (-73 kq) və Aslan Kotsoyev (-90 kq) isə gümüş medala layiq görülüblər.
Qeyd edək ki, ardıcıl ikinci ildir ki,  "AZMAN" Holdinq və onun tərkibinə daxil olan "Nar & Şərab"ın da əsas sponsorlarından olan turnirin ümumi mükafat fondu 50 min manatdır.
Turnirdən sonra paytaxtın tanınmış ictimai məkanlarından olan “Nar & Şərab” restoranında "AZMAN" Holdinq şirkətinin təşkilatçılığı ilə yarış iştirakçıları, hakimlər və məşqçilər üçün qala şam yeməyi təşkil edilib.

Oxunma sayı: 1 2025-12-08 10:21:17