Murad Fətiyev Napoli Universiadasında iştirak edəcək

0.JPG

       İyulun 3-14-də İtaliyanın Napoli şəhərində Tələbələrin XXX Ümumdünya Yay Universiadası təşkil olunacaq. İştirakçıların sayına görə, planetin ən böyük idman tədbirlərindən biri olan universiada yarışlarına bu il də böyük maraq var. 18 idman növü üzrə keçiriləcək yarışlarda ümumilikdə, 8 mindən çox idmançı mübarizə aparacaq.

       Mötəbər idman yarışında Azərbaycan idmançıları da qüvvələrini sınayacaqlar. Komandamız Napoli Universiadasında 6 idman növündə 22 idmançı ilə təmsil olunacaq. İtaliyanın cənubunda təşkil olunacaq Oyunların cüdo yarışlarında ölkəmiz 6 idmançı ilə mübarizə aparacaq. Komandamızın heyətində yer alan cüdoçular arasında “Judo Club 2012”nin üzvü Murad Fətiyev də var. Klubun istedadlı yetirməsi universiadada 81 kq çəki dərəcəsində qüvvəsini sınayacaq.

       Məlumat üçün qeyd edək ki, universiada çərçivəsində təşkil olunacaq cüdo yarışları iyulun 4-7-də keçiriləcək.

Oxunma sayı: 1160 2019-07-02 11:11:00