Akrobatika gimnastları "Judo Club 2012" də bir araya gəldilər

21.jpg

 

     İyulun 5-də "Judo Club 2012" idman klubunda akrobatika gimnastikası üzrə açıq birincilik keçirilib. 
Turnirin açılış mərasimində çıxış edən "Judo Club 2012"nin idman direktoru, cüdo üzrə Olimpiya dərəcəli hakim Fariz Hüseynov qonaqları salamlayaraq, yarışın əhəmiyyəti barədə danışıb. O, bu yarışların qalibləri sırasında gələcəyin dünya, Avropa və Olimpiya çempionlarının çıxacağına inandığını bildirərək, turnir iştirakçılarına uğurlar arzulayıb. 
"Judo Club 2012"nin akrobatika gimnastikası bölməsi üzrə məşqçisi Lalə Abdullayeva isə yarışın təşkilində göstərdiyi dəstəyə görə Azərbaycan Cüdo Federasiyası (ACF) İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, usta cüdoçular arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalibi və mükafatçısı, “Judo Club 2012” İctimai Birliyinin sədri, klubun təsisçisi Azər Əsgərova və klubun direktoru Çingiz Şəfiyevə minnətdarlığını bildirib. Klubda akrobatika gimnastikası üzrə məşqlərin yüksək səviyyədə keçirildiyini qeyd edən Lalə xanım bu idman növünə marağı olan hər kəsi akrobatika gimnastikası bölməsinə dəvət edib. 
Lalə Abdullayeva çıxışının sonunda yarışı açıq edib. 
Qeyd edək ki, müxtəlif klublardan 50-yə yaxın gimnastın mübarizə apardığı yarışda "Judo Club 2012" klubunun 12 gimnastı mübarizə aparıb. Üç yaş qrupu üzrə (balacalar, uşaqlar və yeniyetmələr) keçirilən yarışda klubun idmançıları 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar. 
Klubun yetirmələrindən 2012-2013-cü illər təvəllüdlü idmançılar arasında sərbəst hərəkətlərdə Leyla Allahverdiyeva qızıl, Lamiyə Allahverdiyeva isə gümüş medala sahib çıxıb.
2016-2017-ci illər təvəllüdlü oğlanlar arasına sərbəst hərəkətlərdə isə Famil Mustafazadə bütün rəqiblərini üstələyərək qalib adını qazanıb. 
2018-2019-cu illər təvəllüdlü idmançılar arasında Amina Əliyeva birinci yerə layiq görülüb. 
Safiya Qədiyeva və Sofiya Fərəcova balacalar arasında qadın cütlüyündə gümüş medala sahib çıxıb. Zəhra və Aylin Vəliyeva cütlüyü isə üçüncü yeri tutub. 
Klubun digər üzvü Aidə Ağamirova isə yarışın ən kiçik idmançısı kimi  xüsusi mükafatla təltif olunub. 
Qaliblər diplom və medallarla təltif olunublar.

Oxunma sayı: 267 2024-07-05 22:15:05