Azər Əsgərov yenidən ACF-in İcraiyyə Komitəsinin üzvü seçildi

8.jpg

 

Oktyabrın 18-də Azərbaycan Cüdo Federasiyasının (ACF) növbədənkənar Konfransı keçirilib. Tədbirdə Gənclər və İdman naziri Fərid Qayıbov, Federasiyanın prezidenti Rəşad Nəbiyev, İcraiyyə Komitəsinin üzvləri və digər rəsmi şəxslər iştirak ediblər.

Konfransda Azərbaycan Cüdo Federasiyasının İcraiyyə Komitəsinin yeni tərkibi müəyyənləşdirilib. Rəşad Nəbiyev, Rövşən Rüstəmov, Elnur Məmmədli, Rəşad Rəsullu, Asif Əsgərov, Azər Əsgərov, Nazim Hüseynov, Mövlud Mirəliyev və Elxan Məmmədov komitə üzvləri kimi seçiliblər.

Qərara əsasən, Rəşad Nəbiyev Federasiyanın prezidenti, Rövşən Rüstəmov və Elnur Məmmədli vitse-prezidentlər, Rəşad Rəsullu isə icraçı vitse-prezident kimi təsdiqlənib.

Həmçinin, ACF-in Nəzarət-Təftiş Komitəsinin üzvlərinin və sədrinin seçilməsi üçün səsvermə keçirilib. Natiq Bağırov, Dilarə Məmmədova və Orxan Əsədov komitə üzvləri kimi təsdiqlənib, Natiq Bağırov isə Komitənin sədri seçilib.

Konfransdan sonra yeni tərkibli İcraiyyə Komitəsinin genişləndirilmiş iclası keçirilib. İclasda idman təşkilatlarının və klubların nümayəndələri, cüdo məşqçiləri iştirak ediblər. “Judo Club 2012”nin texniki direktoru Fariz Mehdiyev və klubun cüdo bölməsi üzrə baş məşqçisi İmran İmanov da iclasda təmsil olunublar.

Qeyd edək ki, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, “Judo Club 2012” İctimai Birliyinin sədri və klubun təsisçisi, usta cüdoçular arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalibi və mükafatçısı Azər Əsgərov növbəti dəfə Azərbaycan Cüdo Federasiyasının İcraiyyə Komitəsinin yeni tərkibində yer alıb.

Bu, Azər Əsgərovun ölkəmizdə cüdonun inkişafı istiqamətində göstərdiyi dəstəyə və federasiya daxilində qazandığı böyük nüfuzuna olan etimad və inamın bariz ifadəsidir.

“Judo Club 2012” kollektivi Azər Əsgərovu Azərbaycan Cüdo Federasiyasının İcraiyyə Komitəsinə yenidən üzv seçilməsi münasibətilə təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzulayır.

Oxunma sayı: 100 2025-10-18 19:35:27