Cüdo millimiz Avropa çempionatını 2 qızıl və 1 gümüş medalla başa vurdu

15.jpg

 

     Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə böyüklər arasında Avropa çempionatının fərdi yarışlarına yekun vurulub. 47 ölkədən 427 (240 kişi, 187 qadın) cüdoçunun mübarizə apardığı çempionatda  Azərbaycan komandası 13 (9 kişi, 4 qadın) idmançı ilə təmsil olunub.

Üç gün davam edən yarışda milli komandamızın üzvlərindən Hidayət Heydərov (-73 kq) və Elcan Hacıyev (-90 kq) qızıl, Balabəy Ağayev (-60 kq) isə gümüş medala layiq görülüb. Avropa çempionatını 2 qızıl və 1 gümüş medalla başa vuran cüdoçularımız ümumi komanda hesabında və kişilər arasında ikinci yeri tutub. Bu, komandamızın Avropa çempionatlarında 1993-cü ildən bəri əldə etdiyi ən yaxşı nəticədir.

Çempionatın sonuncu günündə “Judo Club 2012”nin iki idmançısı - Murad Fətiyev (-90 kq) və Zelim Kotsoyev (-100 kq) də tatami üzərinə çıxıb. Yarımfinala kimi inamla irəliləyən hər iki idmançımız finala vəsiqə uğrunda görüşdə və üçüncü yer uğrunda qarşılaşmalarda məğlub olaraq beşinci yerlə kifayətləniblər.

Xatırladaq ki, yarışın ilk günündə EJU (Avropa Cüdo İttifaqının) uşaq düşərgəsinin açılışı olub. 1100 ölkədən 30-dan çox uşağın qatıldığı düşərgədə "Judo Club 2012" klubunun nümayəndələri də iştirak ediblər. "Cüdo Klub-2012” İctimai Birliyinin sədri, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, usta cüdoçular arasında dünya və Avropa çempionatlarının qalibi, Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü Azər Əsgərov məşqçi Rafiq Nəcəfovun rəhbərliyi altında klubun beş cüdoçusunun düşərgədə iştirakına şərait yaradıb.

Qeyd edək ki, qitə çempionatı sabah qarışıq komanda yarışları ilə davam edəcək.

Oxunma sayı: 132 2024-04-27 21:40:57