Noyabrın 16-da 2010-2017-ci illər təvəllüdü qızlar arasında cüdo üzrə “Judo Club 2012” idman klubunun açıq turniri keçirilib. Klubun qadınlardan ibarət cüdo komandası üzrə baş məşqçisi Kifayət Qasımovanın şəxsi təşəbbüsü ilə təşkil olunan turnir qız cüdoçuların böyük marağına səbəb olub.
Yarışda “Judo Club 2012”nin idmançıları ilə yanaşı, Bakı və Sumqayıt şəhərlərindən 80-ə yaxın cüdoçunun qüvvəsini sınaması da qızların bu idman növünə olan sevgisindən irəli gəlib.
Turnirin açılış mərasimində çıxış edən “Judo Club 2012” klubunun qadınlardan ibarət komandasının baş məşqçisi Kifayət Qasımova əvvəlcə yarış haqqında iştirakçılara məlumat verib. O, həmçinin turnir iştirakçılarının diqqətinə çatdırıb ki, yarışda keçirəcəyi bütün görüşləri ipponla başa vuran idmançılar kuboklarla təltif olunacaq.
“Judo Club 2012”nin idman direktoru, Olimpiya dərəcəli hakim Fariz Hüseynov və klubun baş məşqçisi İlqar Müşkiyev isə çıxışında turnirin yeniyetmə idmançıların yarış təcrübələrinin artmasında böyük rol oynayacağını qeyd edərək bütün iştirakçılara uğurlar arzulayıblar.
Çıxışlardan sonra yarışlara start verilib. Gərgin və maraqlı mübarizə şəraitində keçən görüşdə Gülay Ağayeva (25 kq), Yağmur Qəhrəmanova (28 kq), Aysu Allahverdiyeva (32 kq), Zəhra Muradova (36 kq), Sümeya Bağırova (40 kq), Nüşabə Abbasova (48 kq), Qızılgül Əkbərova (52 kq), Məsumə Məmmədli (+63 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medallara layiq görülüblər. Qaliblər diplom və medallarla mükafatlandırılıblar. Turnirdə həmçinin bütün görüşləri ipponla başa vuraraq çempion adını qazanan Məsumə Məmmədli, Gülay Ağayeva və Fatimə Allahverdiyeva isə kubokla təltif olunub.
Qeyd edək ki, bu gün ölkəmizdə qızlar arasında cüdo idman növünün kütləviləşdirilməsi və beynəlxalq turnirlərdə qadın cüdoçuların sayının artırılması Azərbaycan Cüdo Federasiyasının əsas fəaliyyət istiqamətlərindən biridir. Paytaxtın tanınmış idman klublarından olan “Judo Club 2012”də də bu məqsədlə yeni layihələr həyata keçirilir. Belə ki, Azərbaycan Cüdo Federasiyası (ACF) İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, “Judo Club 2012” İctimai Birliyinin sədri və klubun təsisçisi Azər Əsgərovun təqdimatı ilə tanınmış idmançı, ikiqat Avropa çempionu yeddiqat Avropa, ikiqat dünya mükafatçısı, beynəlxalq turnirlərin qalib və mükafatçısı, ikiqatat Olimpiya iştirakçısı Kifayət Qasımova klubun cüdo üzrə qadınlardan ibarət komandasının baş məşqçisi təyin edilib. Klubda həmçinin qızlar üçün cüdo dərsləri təmənnasız olaraq təşkil olunur.
Onu da əlavə edək ki, bu günlərdə Polşanın Pila şəhərində keçirilən 23 yaşa qədər cüdoçular arasında Avropa çempionatının fərdi yarışlarında qazanılan 2 qızıl, 1 gümüş və 2 bürünc medaldan ikisi (1 qızıl, 1 gümüş) qız cüdoçularımızın payına düşüb. Belə ki, Kifayət Qasımovanın tələbəsi, “Judo Club 2012”nin üzvü Fidan Əlizadə (-57 kq) qızıl, millimizin digər üzvü Aydan Vəliyeva (-52 kq) isə gümüş medala sahib çıxıb.
Bu uğurlu nəticələr son illərdə Azərbaycanda qızlar arasında cüdo idman növünün inkişafından və bu idman növünə olan diqqət və qayğıdan irəli gəlir. İnanırıq ki, qızlardan ibarət komandalarımız gələcəkdə də beynəlxalq arenalarda uğurla çıxış edərək Azərbaycan cüdosunun şanlı zəfər səlnaməsində xüsusi yer tutacaqlar.