“Judo Club 2012”də Ümumrespublika Seminarı keçirilib

11.jpeg

 

“Judo Club 2012” klubunda Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə Qarabağ Zəfərinin 5 illiyinə həsr olunmuş Ümumrespublika Seminarı keçirilib. Tədbirdə uşaq, yeniyetmə, gənc və veteran kateqoriyalarında olan idmançılar iştirak ediblər.
Seminar çərçivəsində müxtəlif yaş və çəki dərəcələri üzrə təlim-məşq prosesi təşkil olunub, idmançılara Braziliya Ciu-Citsu döyüş sənətinin texniki və praktiki xüsusiyyətləri aşılanıb. Təlimlər Braziliya Ciu-Citsu sənətinin banisi Taleh Həsənovun rəhbərliyi ilə həyata keçirilib.
Seminar zamanı iştirakçılar Taleh Həsənov tərəfindən keçirilən attestasiya imtahanında bilik və bacarıqlarını nümayiş etdirərək müvafiq dərəcələr üzrə kəmərlərə layiq görülüblər.
Açılış mərasimində çıxış edən İctimai Birliyin təsisçisi, I Qarabağ Müharibəsi iştirakçısı Taleh Həsənov Qarabağ Zəfərinə həsr olunan tədbirlərin Birliyin fəaliyyətində xüsusi yer tutduğunu qeyd edərək, bu cür seminarların vətənpərvərlik ruhunun aşılanmasında mühüm rol oynadığını bildirib.
Həmtəsisçi Vüsal Həsənov çıxışında tarixi yaddaşın qorunmasının, milli-mənəvi dəyərlərə sədaqətin və Zəfər tarixinin gənc nəslə düzgün şəkildə ötürülməsinin vacibliyini vurğulayıb.
İctimai Birliyin prezidenti Aqil Acalov II Qarabağ Müharibəsində igidlik göstərmiş idmançıların və qəhrəman Vətən oğullarının gənclər üçün nümunə olduğunu diqqətə çatdırıb.
Birliyin sədri Fuad Kərimov isə idmanın gənclərin fiziki hazırlığı ilə yanaşı, mənəvi inkişafında da əhəmiyyətli rol oynadığını qeyd edərək, seminar iştirakçılarına uğurlar arzulayıb.
Tədbirin sonunda attestasiya imtahanından uğurla keçən idmançılara Braziliya Ciu-Citsu üzrə layiq olduqları kəmərlər təqdim olunub.
Sonda seminar iştirakçıları Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, “Judo Club 2012” İctimai Birliyinin sədri və klubun təsisçisi, usta cüdoçular arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalibi və mükafatçısı Azər Əsgərova yaradılan yüksək təşkilati şəraitə görə təşəkkürlərini bildiriblər.

Oxunma sayı: 54 2025-12-25 13:20:33