Tərlan Həsənovun 82 yaşı tamam olur

12.jpg

 

     Azərbaycanın ilk cüdoçularından biri olan Əməkdar məşqçi Tərlan Əliheydər oğlu Həsənovun 82 yaşı tamam olur. O, 1942-ci il noyabrın 26-da Qazax şəhərində anadan olub.

Ömrünün böyük qismini ölkəmizdə idmanın təbliğinə və inkişafına sərf edən Tərlan Həsənovun uşaq yaşlarından güləşlə məşğul olub, Belarusda hərbi xidmətdə olarkən isə sambo və cüdo idçan növləri ilə tanışlığı baş tutub. Hərbi xidmətdən sonra “Dinamo” İdman Cəmiyyətində sambo üzrə məşqlərə başlayıb. Dəfələrlə sambo üzrə Bakı və respublika çempionatlarının qalib və mükafatçısı olub. 

1972-ci ildən bəri bu sahə üzrə məşqçi kimi çalışıb. O, həmin il “Lokomotiv” İdman Cəmiyyətində cüdo və sambo üzrə məşqçilik etməyə başlayıb. 1994-2017-ci illərdə 13 saylı OEUGİM-də məşqçi işləyib. 1998-ci ildə özünün şəxsi təşəbbüsü ilə “Kanokan-TT” Peşəkar Cüdo İdman Klubunu təsis edib. Hazırda həmin klubun rəhbəri və baş məşqçisi kimi çalışır. 2004-2010-cu illərdə “Məşəl” İK və “Neftçi İdman Klubu” İB-də məşqçi-müəllim işləyib.

2014-2020-ci illərdə “Judo Club 2012”nin baş məşqçi vəzifəsində işləyib. Klubda çalışdığı illər ərzində bir sıra istedadlı cüdoçuların yetişməsində böyük pay sahibi olan qocaman mütəxəssisin xidmətləri "Azman Holdinq" və klub rəhbərliyi tərəfindən də qiymətləndirilib. 
Təsadüfi deyil ki, əfsanəvi məşqçi haqqında 2023-cü ildə Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü, “Cüdo Klub 2012” İctimai Birliyinin sədri və klubun təsisçisi, usta cüdoçular arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalibi və mükafatçısı Azər Əsgərovun təşəbbüsü və dəstəyi ilə "Bir cüdo əfsanəsi" adlı kitab işıq üzü görüb. 

Azərbaycanın ilk cüdo məşqçilərindən və hakimlərindən olan Tərlan müəllim 1980-ci ildə ümumittifaq dərəcəli hakim, 1989-cu ildə isə əməkdar məşqçi adına layiq görülüb. 2019-cu ildə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı, 2021-ci ildə Yaponiyanın “Gümüş Şüalı Gündoğar Ordeni, 2022-ci il oktyabrın 3-də Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Cüdo Federasiyasının 50 illik yubileyi münasibəti ilə Azərbaycan cüdosunun inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib. Tərlan Həsənov 2024-cü ildə XXXIII Paris Yay Olimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeninə layiq görülüb.

T.Həsənov məşqçi işlədiyi müddət ərzində hazırladığı idmançılar SSRİ, Avropa və dünya çempionatlarında, Olimpiya Oyunlarında, IV İslam Həmrəyliyi Oyunlarında və Avropa kateqoriyalı bir sıra beynəlxalq turnirlərdə yüzlərlə müxtəlif əyarlı medallar qazanıblar. Onun yetirmələri arasında iki Olimpiya çempionunun şəxsi məşqçiləri, yüzə yaxın idman ustası, Yay Olimpiya Oyunlarının qalibi və iştirakçıları, üç beynəlxalq dərəcəli hakim, iki Milli Qəhrəman, bir nəfər general-polkovnik və onlarla yüksək rütbəli zabitlər var. Tərlan Həsənov cüdo üzrə məşqçi kimi ən uzun müddət fəaliyyət göstərən şəxslərdən biri olaraq idmanın bu növünün inkişafına əvəzsiz töhfələr verib.

“Judo Club 2012”nin kollektivi Tərlan Həsənovu doğum günü münasibəti ilə təbrik edir, ona möhkəm cansağlığı və gələcək fəaliyyətində uğurlar arzulayır!

Oxunma sayı: 96 2024-11-26 15:10:03