Titullu usta cüdoçumuz Podçetrtekdə də qalib imicinə sadiq qaldı

3.jpg

 

     İyunun 8-də Sloveniyanın Podçetrtek şəhərində usta cüdoçular arasında Avropa çempionatına start verilib. 37 ölkədən 659 (565 kişi, 94 qadın) cüdoçunun mübarizə apardığı yarışda Azərbaycanın cüdo veteranları da qüvvələrini sınayırlar. Komandamız qitə çempionatında baş məşqçi, 10 qat dünya, 9 qat Avropa çempionu Fərhad Rəcəblinin rəhbərliyi altında 7 yaş kateqoriyası üzrə 35 idmançı ilə təmsil olunur. 
Yarışların ilk günündə M5, M6, və M7 yaş kateqoriyaları üzrə 9 cüdoçumuz medallar uğrunda mübarizə aparıb. Veteran cüdoçularımız günü 1 qızıl və 1 bürünc medalla başa vurublar. Qızıl medalı komandamıza M7 kateqoriyası üzrə -90 kq çəki dərəcəsində tatmiyə çıxan Azərbaycanın ən titullu usta cüdoçusu Fərhad Rəcəbli qazandırıb. Bu qələbə Sloveniyada öz qalib imicinə sadiq qalan veteran cüdoçumuzun 9-cu Avropa çempionluğu kimi yadda qalıb. 
Bürünc medala isə Qabil Qasımov (M6, +100 kq) sahib çıxıb. 
İyunun 11-dək davam edəcək yarışda ədalət təmsilçiləri arasında Azərbaycan Cüdo Federasiyasının “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Fariz Hüseynov da yer alıb. 
Qeyd edək ki, Avropa çempionatında iştirak edən usta cüdoçularımız yarışlara Azərbaycan Cüdo Veteranları Assosiasiyası tərəfindən yaradılmış “Judo Club 2012” idman klubunda hazırlaşıblar.

Oxunma sayı: 284 2023-06-09 01:05:51