Veteran cüdoçularımızdan daha iki medal

1.jpg

       Mərakeşdə keçirilən veteran cüdoçular arasında dünya çempionatı davam edir. Yarışın üçüncü günündə M-4 və M-5 kateqoriyaları üzrə 5 idmançımız mübaizə aparıb. “Judo Club 2012”nin usta cüdoçuları günü 1 qızıl və 1 bürünc medalla başa vurublar. Komandamıza qızıl medalı  M-4 kateqoriyası üzrə 81 kq çəki dərəcəsində çıxış edən Mübariz Cəfərov qazandırıb. Yarışa 1/16 finaldan başlayan ikiqat Avropa çempionumuz ardıcıl olaraq Fransa, Rusiya və Portuqaliya idmançılarına qalib gələrək yarımfinala yüksəlib. Veteran cüdoçumuz bu mərhələdə gürcüstanlı idmançı Merabi Kvarianini mübarizədən kənarlaşdırıb. Finalda fransalı Cimmi Kadosu da üstələyən Mübariz Cəfərov ilk dəfə olaraq usta cüdoçular arasında dünya çempionu adına layiq görülüb. 

       Komandamıza bürünc medalı isə M-5 kateqoriyası üzrə 73 kq çəki dərəcəsində çıxış edən Müşfiq Cəfərov qazandırıb. İkiqat dünya çempionumuz üçüncü yer uğrunda həlledici görüşdə kanadalı Artur Tarqosinskiyə qalib gəlib.
       M-5 kateqoriyası üzrə 100 kq çəki dərəcəsində çıxış edən komandamızın digər üzvləri Azər Əsgərov və Yamən Fətiyev isə dünya çempionatında yeddinci yerlə kifayətləniblər. 

       Xatırladaq ki, yarışların ilk iki günündə veteran cüdoçularımızdan  Fərhad Rəcəbli (M-7, 90 kq) və Məmməd Məmmədov (M-1, 73 kq) bütün rəqiblərinə qalib gələrək dünya çempionu adını qazanmışdılar.
       49 ölkədən 1183 (1006 kişi, 177 qadın) usta cüdoçunun iştirak etdiyi dünya çempionatına oktyabrın 13-də yekun vurulacaq.
     

Yarış haqqında ətraflı məlumatı ippon.org saytından əldə edə bilərsiniz.  

Link: http://www.ippon.org/wc_vet2019.php

 

Oxunma sayı: 1495 2019-10-12 21:21:50