"Judo Club 2012”nin növbəti uğuru: ACF Kubokunda 12 medalla birinci yer 

0.jpg


     İyunun 15-də Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsində yerləşən İdman Sağlamlıq Mərkəzində böyüklər arasında ne-vaza üzrə ACF Kuboku keçirilib. Gərgin idman mübarizəsi şəraitində keçirilən turnirdə 42 klub və idman cəmiyyətini təmsil edən ümumilikdə 131 cüdoçu (109 oğlan, 22 qız) 12 çəki dərəcəsində qüvvəsini sınayıb.
Turnirdə uğurla çıxış edən “Judo Club 2012”nin idmançıları 3 qızıl, 6 gümüş və 3 bürünc medal qazanaraq ümumi komanda hesabında birinci yerə layiq görülüb. Bu, ötən ili uğurla başa vuran və cari ilə fəal başlayan klubun daha bir əlamətdar nəticəsi kimi yadda qalıb. 
Komandanın heyətində Aliyə İsmayılzadə (-52 kq), Murad Muradlı (-60 kq) və İbrahim Əliyev (-73 kq) qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 
Gümüş medalları isə Fatimə İsmayılova (-48 kq), Pəri Məmmədli (-63 kq), Hüseyn Allahyarov (-60), Əli Qazımaqomedov (-90 kq), Şamil Qasımov (-100 kq) və Qurban Məmmədli (+100 kq) əldə edib. Bürünc medal qazanan Leyla Əliyeva (-52 kq), Şahnur Mehtiyev (-73 kq) və Səid Rzayev (-81 kq) də klubun bu uğurunda pay sahibi olublar.
Qeyd edək ki, cüdoda ne-vaza bacarıqları idmançılara görüşlər zamanı yer (parter) texnikalarını inkişaf etdirmək və təkmilləşdirmək imkanı verir. Bu bacarıqlar həm fəndlərdən yayınmaq, həm də rəqibi effektiv şəkildə məğlub etmək üçün vacib strategiyaların formalaşmasında mühüm rol oynayır.

Oxunma sayı: 18 2025-06-16 14:10:38