Azərbaycan millisinin və “Judo Club 2012”nin aparıcı üzvü Zelim Kotsoyev Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatında bürünc medal qazanıb.
-100 kq çəki dərəcəsində çıxış edən təcrübəli idmançı mübarizəyə 1/16 final mərhələsindən başlayıb. O, ilk görüşdə italiyalı Cennaro Pirelliyə qalib gəlib. Növbəti mərhələdə qazaxıstanlı Marat Baykamurovu məğlub edən Zelim 1/4 finalda Beynəlxalq Cüdo Federasiyasının (İJF) bayrağı altında çıxış edən Arman Adamyanla qarşılaşıb. Təəssüf ki, idmançımız bu görüşdə məğlub olaraq təsəlliverici mərhələdə çıxışını davam etdirib.
Zelim Kotsoyev bürünc medal uğrunda təsəlliverici mərhələnin ilk qarşılaşmasında ikiqat dünya çempionu, gürcü əsilli ispaniyalı cüdoçu Nikolos Şerazadişviliyə qalib gəlib. Həlledici qarşılaşmada isə Cənubi Koreya idmançısı Seheon Kimdən üstün olan titullu cüdoçumuz dünya çempionatının bürünc medalına layiq görülüb.
Z.Kotsoyev bu nəticə ilə dünya çempionatları tarixində ardıcıl dördüncü dəfə fərqlənib. Bələ ki, 2022-ci ildə Daşkənddə, 2023-cü ildə isə Dohada bürünc medal qazanan Zelim ötən il Əbu Dabidə keçirilən dünya çempionatında qızıl medala layiq görülüb.
Qeyd edək ki, Zelim Kotsoyevin qazandığı bu medal Azərbaycan millisinin turnirdə əldə etdiyi üçüncü bürünc medalıdır. Daha əvvəl Zelim Tçkayev (-81 kq) və Elcan Hacıyev (-90 kq) fəxri kürsüyə qalxıblar.
“Judo Club 2012” rəhbərliyi Zelim Kotsoyevi qazandığı nailiyyət münasibətilə təbrik edir, gələcək beynəlxalq yarışlarda uğurlar arzulayır.