“Judo Club 2012” klubunun cüdoçusu Aslan Kotsoyev Açıq Avropa Kubokunun mükafatçıları sıra sında yer alıb. Klubun istedadlı yetirməsi Türkiyənin İstanbul şəhərində keçirilən yarışda -90 kq çəki dərəcəsində bürünc medal qazanıb.
Mübarizəyə 1/16 finaldan başlayan idmançımız ardıcıl olaraq qazaxıstanlı Bekasıl Kojaxmet, gürcüstanlı Saba Qvelesiani və rusiyalı Abdula Süleymanova qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələdə digər rusiyalı cüdoçu Ademirkan Tambiyevə uduzan Aslan Kotsoyev bürünc medal uğrunda görüşə çıxıb. Həlledici qarşılaşmada Yaponiya təmsilçisi Sanşiro Ubadan üstün olan cüdoçumuz fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Qeyd edək ki, 27 ölkədən 502 (302 oğlan, 200 qız) idmançının iştirak etdiyi yarışda Azərbaycan komandası 1 qızıl, 1 gümüş və 5 bürünc medal qazanıb. Yığmamız 7 medalla ümumi komanda hesabında 5-ci, kişilər arasında isə 3-cü yeri tutub.