Avqustun 30-da Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə Bakıda klassik avtomobillərin sərgisi və yürüşü keçirilib.
Dənizkənarı Milli Parkda klassik avtomobillərin nümayişi ilə başlayan tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, gənclər və idman naziri Fərid Qayıbov, idmançılar, digər tanınmış şəxslər və şəhər sakinləri iştirak ediblər.
Sərgidə 1986-cı ilədək istehsal olunan 100-dən çox avtomobil nümayiş etdirilib.
Sərgidən sonra klassik avtomobillərin yürüşü keçirilib. Paytaxtın əsas küçə və prospektlərindən keçən retro avtomobillərin yürüşü “Sea Breeze” ərazisində başa çatıb. “Marina Bay”də təşkil olunan sərgi isə klassik avtomobillərin yaratdığı xüsusi retro ab-havası ilə yadda qalıb.
Burada yürüşdə iştirak edən avtomobil sahibləri arasında müxtəlif nominasiyalar üzrə qaliblər müəyyənləşdirilərək mükafatlandırılıb. Qaliblər “Sərginin veteranı”, “Qızıl standart”, “Canlı əfsanə”, “Nadir incilər”, “Dövrün stil ikonası”, “Dövrün ruhu”, “Vintaj zərifliyi”, “Ənənələrin qoruyucusu”, “Yarış əfsanəsi”, “Dəmir aristokrat”, “Zəhmətkeş əfsanə”, “Xalqın sevimlisi”, “Dövrün səsi” və “Zaman kapsulu” nominasiyaları üzrə seçiliblər.
Qeyd edək ki, klassik avtomobil həvəskarlarının böyük maraqla qarşıladığı sərgidə “Azman Holdinq" şirkəti özünün zəngin və eksklüziv kolleksiyası ilə diqqət mərkəzində olub. Belə ki, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü, ustalar arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalib və mükafatçısı, “Judo Club 2012” idman klubunun təsisçisi Azər Əsgərova məxsus "Azman Motors" şirkətinin 24 avtomobili sərgidə və yürüşdə yer alıb. Tədbirin maraqlı məqamlarından biri isə cüdo ailəsinin nümayəndələrinin klassik avtomobillərlə yürüşə qatılması olub. Cüdo üzrə dünya, Avropa və Olimpiya çempionu Hidayət Heydərov, Zelim Kotsoyev, eləcə də “Judo Club 2012”nin digər üzvləri Murad Fətiyev və Aslan Kotsoyev “Azman Motors”a məxsus klassik avtomobillərlə yürüşdə iştirak ediblər.
Tədbir barədə danışan “Azman Motors”un baş direktoru Eldar Qasımov şirkətin altıncı dəfə klassik avtomobillərin sərgi və yürüşündə iştirak etdiyini bildirib:
“2021-ci ildən etibarən, ardıcıl olaraq altıncı dəfədir ki, bu sərgidə iştirak edirik. Budəfəki sərgidə təqdim etdiyimiz ən yaşlı avtomobil 1956-cı il, ən gənc avtomobil isə 1986-cı il istehsalıdır. Bu ilki sərgidə 24 avtomobillə təmsil olunduq. Ümumilikdə şirkət hər il belə tədbirlərə böyük kolleksiya ilə qatılır. Kolleksiyamızda eksklüziv və individual modellər olduğu üçün hər il sərgidə iştirak etmək üçün dəvət alırıq. Bu il “Azman Motors” klassik avtomobil dünyasının nüfuzlu markaları ilə tədbirdə təmsil olunub. “Mercedes”, “Jaguar”, BMW, “Ford Mustang” kimi maraqlı retro avtomobillərimizlə sərgidə və yürüşdə iştirak etdik. Mənə xoşdur ki, hər il belə möhtəşəm tədbir keçirilir və biz də öz kolleksiyamızı avtomobil həvəskarlarına nümayiş etdirmək imkanı əldə edirik”.
Qeyd edək ki, klassik avtomobillərin sərgisi və yürüşü şəhər sakinləri tərəfindən böyük maraqla qarşılanıb.
Xatırladaq ki, “Azman Motors” şirkəti 2025-ci ildə klassik avtomobillərin sərgisi və yürüşündə “At gücü”, 2026-cı ildə isə “Zaman kapsulu” nominasiyaları üzrə qalib elan olunaraq sertifikatla təltif edilib.