Bakıda cüdo bayramı: qürur, emosiya və zəfərlə dolu səkkiz gün

0.jpg

 

Oktyabrın 4-dən 11-dək Bakıdakı Milli Gimnastika Arenasında keçirilən böyüklər arasında cüdo üzrə dünya çempionatının səkkiz günü bizə unudulmaz idman bayramı ab-havası yaşatdı. Səkkiz illik fasilədən sonra dünya cüdosunun elitasını yenidən Bakıda qəbul etmək Azərbaycan cüdosu və idmansevərlər üçün xüsusi qürur və sevinc mənbəyinə çevrildi. Tatamidə gərgin mübarizə, azarkeşlərin yaşadığı emosiyalar və idmançılara göstərdikləri dəstək bu günləri əsl cüdo bayramına çevirdi. Bir daha əmin olduq ki, ölkəmizdə cüdo sadəcə idman növü deyil, həm də zəhməti, iradəni və qüruru özündə təcəssüm etdirən bir dəyərdir.
Dünyanın bir çox ölkəsində bu cür turnirlərdə iştirak etmiş bir insan kimi səmimi etiraf edim ki, Azərbaycan Cüdo Federasiyasının nümayiş etdirdiyi yüksək təşkilatçılıq səviyyəsi məndə böyük qürur hissi doğurdu. Milli Gimnastika Arenasının müasir infrastrukturu və qabaqcıl texnologiyaların tətbiqindən tutmuş, səmimi Azərbaycan qonaqpərvərliyinə, 93 ölkədən gəlmiş 622 idmançının da daxil olduğu yüzlərlə qonaq üçün yaradılan rahat şəraitədək hər şey ən yüksək beynəlxalq standartlara uyğun təşkil edilmişdi. Tatamidə səkkiz gün davam edən gərgin mübarizə təkcə qüsursuz təşkilatçılıq işini deyil, həm də milli komandamızın yüksək hazırlıq səviyyəsini nümayiş etdirdi. Parlaq qələbələr və tribunaların güclü dəstəyi çempionatı Azərbaycan idmanının tarixinə əbədi həkk olunacaq bir hadisəyə çevirdi.

Məmnunluqla qeyd etmək istərdim ki, Azərbaycan ənənəvi olaraq mötəbər beynəlxalq idman tədbirini yüksək səviyyədə təşkil etməklə yanaşı, dünyanın ən güclü komandalarının belə hesablaşdığı rəqabətqabiliyyətli bir yığma komanda da formalaşdırıb. Milli komandamız tarixi nəticəyə imza atdı: 1 qızıl, 2 gümüş və 4 bürünc medal, həmçinin komanda hesabında üçüncü yer! Dünya çempionatları tarixində ilk dəfə ən güclü üç komanda sırasına daxil olmaqla yanaşı, ümumi medal sayına görə ikinci yeri tutmaq da ciddi nailiyyətdir.

Son illərdə uğurlu çıxışları ilə bizi sevindirən idmançımız Əhməd Yusifovun dünya çempionu titulunu qazanması bu çempionatın ən parlaq məqamlarından biri kimi yadda qalacaq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çempionatın təntənəli açılış mərasimində iştirakı və yeni dünya çempionu ilə görüşərək onu şəxsən təbrik etməsi idmançılarımız üçün böyük mənəvi dəstək oldu. Bu, həm də ölkəmizdə cüdonun inkişafına dövlət səviyyəsində göstərilən qayğının əyani təzahürü idi.

Milli komandamızın bu çempionatda çıxışını qiymətləndirərkən vacib bir məqamı xüsusi vurğulamağı zəruri hesab edirəm: son beş ildə Azərbaycan Cüdo Federasiyasının məqsədyönlü fəaliyyəti və idmançıların hazırlanmasına yönəlmiş ardıcıl səyləri öz bəhrəsini verir. Bakıda qazanılan yeddi medal, beş cüdoçumuzun karyerasında ilk dəfə böyüklər arasında dünya çempionatının mükafatçısı olması və gənc idmançılarımızın bu qədər yüksək səviyyəli turnirdə uğurlu çıxışı Azərbaycanda cüdonun inkişafında yeni mərhələnin başlandığını göstərir.

Şəxsən mənim üçün xüsusilə sevindirici məqamlardan biri «Judo Club 2012» klubunun idmançısı Murad Fətiyevin bürünc medal qazanması oldu. Bu uğur klubumuzun yetirmələrinin beynəlxalq arenada öz sözünü deməyə qadir olduğunu bir daha nümayiş etdirdi.

Mənim fikrimcə, çempionatın təşkili hər kəsdə böyük məmnunluq, hətta cəsarətlə deyərdim ki, heyranlıq doğurdu. Yarış iştirakçıları və qonaqlar üçün yaradılmış şərait tamamilə dünya standartlarına uyğun idi. Turnir zamanı ən müasir texnologiyaların tətbiqi Azərbaycan Cüdo Federasiyasının rəhbərliyinin bu məsələyə xüsusi diqqətinin və yüksək peşəkarlığının göstəricisi idi.

Cüdoçularımızı, məşqçilərimizi və Azərbaycan Cüdo Federasiyasını bu tarixi nailiyyət münasibətilə ürəkdən təbrik edirəm. Əminəm ki, Bakıda əldə olunan uğurlar gələcək yeni qələbələr üçün möhkəm təməl olacaq.

Azər Əsgərov

Oxunma sayı: 6 2026-10-12 18:19:46