Aprelin 16-da Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə böyüklər arasında Avropa çempionatına start veriləcək. Tbilisi Olimpiya İdman Sarayında keçiriləcək yarışda 46 ölkədən 404 (229 kişi və 175 qadın) cüdoçu 14 dəst medal uğrunda mübarizə aparacaq. Azərbaycan komandası qitə çempionatında 11 çəki dərəcəsində 15 (9 kişi və 6 qadın) cüdoçu ilə təmsil olunacaq. Komandamızın heyətində "Judo Club 2012"nin iki üzvü - Murad Fətiyev (-90 kq) və Zelim Kotsoyev (-100 kq) də yer alıb. Avropa çempionatının bürünc, "Böyük Dəbilqə" turnirlərinin dəfələrlə qalib və mükafatçısı olan Murad Fətiyev yarışların üçüncü günündə - aprelin 18-də tatami üzərinə çıxacaq. Mübarizəyə 1/16 finaldan başlayacaq cüdoçumuzun rəqibi rumıniyalı Aleks Çeret olacaq. Dünya, Avropa və Olimpiya mükafatçımız Zelim Kotsoyev isə yarışların sonuncu günündə - aprelin 19-da mübarizəyə qoşulacaq. O, ilk qarşılaşmasında 1/16 finalda Şimali Makedoniya təmsilçisi Nikola Pavlovski ilə qarşılaşacaq.
Avropa çempionatına aprelin 19-da yekun vurulacaq.
Qeyd edək ki, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, "Cüdo Klub 2012" İctimai Birliyinin sədri, klubun təsisçisi Azər Əsgərov da yarışı izləyənlər arasındadır.