Fevralın 27-dən martın 1-dək Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə “Böyük Dəbilqə” turniri keçirilib. Cüdoçuların kiçik dünya çempionatı kimi dəyərləndirilən mötəbər yarışda Azərbaycan millisi 18 idmançı (12 kişi, 6 qadın) ilə təmsil olunub.
Yarışların son günündə milli komandanın heyətində ölkəmizi təmsil edən “Judo Club 2012” klubunun iki üzvü mükafatçılar sırasında yer alıb. Klubun yetirmələrindən Murad Fətiyev -90 kq çəki dərəcəsində parlaq çıxış edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Mübarizəyə 1/16 finaldan başlayan cüdoçumuz ardıcıl olaraq Rumıniya, Özbəkistan, Rusiya və Yunanıstan idmançılarına qalib gələrək finala yüksəlib. Həlledici görüşdə gürcüstanlı ikiqat Olimpiya çempionu Laşa Bekaurini də əzmkarlıqla məğlub edən Murad Fətiyev “Böyük Dəbilqə” turnirinin qızıl medalını qazanıb.
Klubun heyətindən ölkəmizin aktivinə digər medalı isə Olimpiya çempionumuz Zelim Kotsoyev yazdırıb. -100 kq çəki dərəcəsində tatami üzərinə çıxan dünya və Avropa çempionumuz bürünc medala sahib olub. O, üçüncü yer uğrunda görüşdə rusiyalı Adam Sanqariyevi ipponla məğlub edib.
Beləliklə, Azərbaycan cüdoçuları Daşkənd “Böyük Dəbilqə” turnirini 4 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurublar. Yarışların ilk iki günündə millimizin heyətində Əhməd Yusifov (-60 kq) və Ömər Rəcəbli (-81 kq) qızıl, Balabəy Ağayev (-60 kq) isə gümüş medal qazanmışdı. Sonuncu gündə isə Kənan Nəsibov qızıl, Camal Qamzatxanov (hər ikisi +100 kq) isə bürünc medala sahib olub.
Turniri ümumilikdə 7 medalla başa vuran Azərbaycan millisi komanda hesabında Yaponiya millisindən sonra ikinci, kişilərin yarışında isə birinci yeri tutub.
Qeyd edək ki, Daşkənd “Böyük Dəbilqə” turnirində 39 ölkədən 370 idmançı (209 kişi, 161 qadın) qüvvəsini sınayıb.