Dünya çempionatının bürünc mükafatçısı “Judo Club 2012”də ustad dərsi keçib

13.jpg

 

Bakıda keçirilən cüdo üzrə dünya çempionatının bürünc mükafatçısı Rəşid Məmmədəliyev “Judo Club 2012”nin qonağı olub.

Görüşdə klubun icraçı direktoru Fariz Mehdiyev, cüdo bölməsi üzrə baş məşqçisi İmran İmanov, Məmməd Məmmədov, Paşa Ələkbərov, Əhməd Məmmədov, Afiq Səfərli, eləcə də klubun yeniyetmə və gənc idmançıları iştirak ediblər.

Tədbir zamanı Rəşid Məmmədəliyev əvvəlcə Bakıda keçirilən dünya çempionatında çıxışı və qazandığı uğurlar barədə gənc cüdoçulara məlumat verib. O, yeniyetmə və gənc cüdoçulara öz idman karyerasından, qarşılaşdığı çətinliklərdən və uğura aparan yolda qazandığı təcrübədən danışıb. Gənclərlə öz uğurunun sirlərini bölüşən Rəşid Məmmədəliyev qarşıya qoyulan məqsədlərə çatmaq üçün səbirli olmağın, özünə inanmağın və məşqçilərin tövsiyələrinə əməl etməyin əhəmiyyətini diqqətə çatdırıb.

Daha sonra dünya çempionatının mükafatçısı klubun idmançıları üçün ustad dərsi keçib. Məşğələ zamanı müxtəlif cüdo fəndlərinin icrasını praktiki şəkildə nümayiş etdirən Rəşid Məmmədəliyev texniki hərəkətlərin düzgün yerinə yetirilməsi, rəqibin hərəkətlərinin düzgün qiymətləndirilməsi və yarış zamanı taktiki qərarların verilməsi ilə bağlı tövsiyələrini bölüşüb. Gənc cüdoçular nümayiş etdirilən fəndləri maraqla izləyib, məşğələdə fəal iştirak edərək təcrübəli idmançının məsləhətlərindən yararlanıblar.

23 yaşadək cüdoçular arasında Avropa çempionu, “Böyük Dəbilqə” və Qran Pri turnirlərinin qalibi, XXXI Dünya Universiadasının gümüş mükafatçısı və Azərbaycan çempionu olan Rəşid Məmmədəliyevin klubda keçirdiyi görüş yeniyetmə və gənc idmançılar üçün həm nəzəri, həm də praktiki baxımdan faydalı olub.

Klubun gənc yetirmələri ustad dərsini böyük maraqla qarşılayıb, görüşdən  yeni bilik və təcrübə əldə edərək xoş təəssüratlarla ayrılıblar. 

Tədbirin sonunda xatirə şəkli çəkdirilib.

Oxunma sayı: 9 2026-10-23 20:56:07