"Judo Club 2012" ardıcıl ikinci dəfə mövsümün ən güclü klubu oldu

3.jpg

 

Azərbaycan Cüdo Federasiyası tərəfindən təşkil olunan 2025–2026-cı illər mövsümünün Liqa yarışları üzrə yekun reytinq cədvəli açıqlanıb.

Mövsüm ərzində keçirilən üç turun nəticələrinin ümumiləşdirilməsi əsasında tərtib olunan yekun siyahıda "Judo Club 2012" böyük üstünlüklə birinci yeri tutub. Klub 7527 xalla bütün rəqiblərini geridə qoyaraq mövsümü lider kimi başa vurub.

Bu uğur təsadüfi deyil. Son illərdə ölkə cüdosunda sabit nəticələri, yüksək idman göstəriciləri və peşəkar hazırlıq sistemi ilə seçilən "Judo Club 2012" yenidən Azərbaycanın ən güclü cüdo məktəblərindən biri olduğunu nümayiş etdirib. 

Əldə olunan bu mühüm uğurun təməlində Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, "Judo Club 2012" İctimai Birliyinin sədri və klubun təsisçisi Azər Əsgərovun idmançılara göstərdiyi daimi diqqət və qayğı, onların hərtərəfli inkişafı üçün yaratdığı müasir məşq şəraiti dayanır. 

Komandanın uğurunda klubun direktoru Fariz Mehdiyevin səmərəli təşkilati fəaliyyəti, baş məşqçi İmran İmanovun, məşqçilər Paşa Ələkbərov və Məmməd Məmmədovun əməyi də mühüm rol oynayıb. Heyətə yeni qoşulan Əhməd Məmmədov və Afiq Səfərli ilə daha da güclənən məşqçilər korpusu gələn ildə də bu uğuru davam etdirməyi hədəfləyir.

Liqa yarışlarının yekununda yalnız klubların və idmançıların deyil, məşqçilərin də reytinq siyahısı açıqlanıb. Sevindirici haldır ki, "Judo Club 2012"nin cüdo bölməsi üzrə baş məşqçisi İmran İmanov məşqçilərin reytinqində ikinci olub.

Bu gün "Judo Club 2012" qazandığı medal və kuboklarla yanaşı, peşəkar məşqçi heyəti, perspektivli cüdoçuların yetişdirilməsi ilə də ölkənin nümunəvi idman klublarından biri kimi tanınır. Ardıcıl ikinci dəfə mövsümün ən güclü klubu seçilməsi və klubun baş məşqçisinin reytinqin ilk sıralarında  olması kollektivin məqsədyönlü fəaliyyətinin və Azərbaycan cüdosunun inkişafına verdiyi töhfənin növbəti parlaq göstəricisidir.

Oxunma sayı: 5 2026-11-03 17:34:47