Fevralın 16-da Abşeron Olimpiya İdman Kompleksində böyüklər arasında ne-vaza üzrə ACF Kuboku keçirilib. 33 klub və idman cəmiyyətini təmsil edən 160 (137 kişi, 23 qadın) cüdoçunun 12 çəki dərəcəsində medallar uğrunda mübarizə apardığı yarışda "Judo Club 2012" klubunun üzvləri də mübarizə aparıblar. Klubun üzvləri yarışda uğurla çıxış edərək 2 qızıl, 4 gümüş və 3 bürünc medal qazanıb. Musaxan Məmmədov (-73 kq) və Leyla Əliyeva (-52 kq) qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Gümüş medalları isə klubun aktivinə Kənan Məmmədli (-81 kq), Xumar Qasımzadə (-48 kq), Elşən Fərzəliyev (-100 kq) və Sonaxanım Rzayeva (-57 kq) yazdırıb. Fəqan Məmmədli (-73 kq), Gövhər Hüseynova (-48 kq) və İslam Abbasov (-81 kq) isə çempionatın bürünc medallarına yiyələnib.
Qadınlar və kişilər arasında ne-vaza üzrə ACF Kubokunu 9 medalla başa vuran "Judo Club 2012" klubu ümumi komanda hesabında birinci yeri tutub.
Qeyd edək ki, cüdoda ne-vaza bacarıqları idmançıların parter texnikalarını təkmilləşdirməsinə şərait yaradır, eyni zamanda fəndlərdən yayınmaq və rəqibi daha effektiv məğlub etmək üçün vacib taktiki rol oynayır.