"Judo Club 2012"nin fəxri: Zelim Kotsoyev Avropa ikincisi oldu

4.jpg

 

     "Judo Club 2012”nin üzvü Zelim Kotsoyev Monteneqronun paytaxtı Podqoritsada keçirilən cüdo üzrə Avropa çempionatında gümüş medal qazanıb. 
Fərdi yarışların son günündə mübarizəyə başlayan Olimpiya çempionumuz 1/8 finalda Mixael Aristosu (Kipr) mübarizədən kənarlaşdırıb. Növbəti mərhələdə latviyalı Maksims Duynovsiyə qalib gələn Zelim yarımfinalda ukraynalı Anton Savitskidən güclü olub. Cüdoçumuz həlledici qarşılaşmada gürcüstanlı İlya Sulamanidzeyə mübahisəli yuko xal fərqi ilə məğlub olaraq fəxri kürsünün ikinci pilləsində yer alıb. 
Qeyd edək ki, ötən gün “Judo Club 2012”nin daha bir üzvü Murad Fətiyev (-90 kq) qitə çempionatının bürünc medalına sahib çıxmışdı. 
Ümumilikdə isə Azərbaycan cüdo yığması Monteneqrodakı Avropa çempionatının fərdi yarışlarını 1 gümüş və 4 bürünc medalla başa vurub. “Judo Club 2012”nin üzvləri ilə yanaşı, millimizin digər üç idmançısı - Əhməd Yusifov (-60 kq), Rəşid Məmmədəliyev (-73 kq) və Zelim Tçkayev (-81 kq) fəxri kürsünün üçüncü pilləsində yer alıb. 
Sabah cüdoçularımız qarışıq komanda yarışlarında mübarizə aparacaqlar.

Oxunma sayı: 23 2025-04-26 20:32:00