Abşeron Olimpiya İdman Kompleksində sambo üzrə yeniyetmələr, gənclər və böyüklər arasında ölkə kuboku keçirilir. Yarışda müxtəlif yaş qrupları üzrə idmançılar bir neçə çəki dərəcəsində mübarizə aparırlar.
Turnirdə Judo Club 2012nin baş məşqçisi İmran İmanovun yetirmələri - Emin Şirinov (98 kq) və Elşən Fərzəliyev (+98 kq) uğurlu çıxışları ilə fərqləniblər. Klubun hər iki üzvü bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb.
Qazanılan bu nəticə Emin Şirinov və Elşən Fərzəliyevə yeniyetmələr arasında sambo üzrə dünya çempionatında iştirak etmək hüququ qazandırıb.
Qeyd edək ki, cari ildə Azərbaycan çempionu adını qazanan Elşən Fərzəliyev, həmçinin Serbiyanın Novi Sad şəhərində yeniyetmələr arasında keçirilən sambo üzrə Avropa birinciliyində bürünc medala sahib olub.