"Judo Club 2012"nin qələbə ənənəsi davam edir  

7.jpg

 

Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirinə yekun vurulub. Üç gün davam edən yarışda Azərbaycan milli komandası 1 qızıl və 3 bürünc medal qazanıb.

Medalçılar sırasında “Judo Club 2012” klubunun iki üzvü də yer alıb. Yarışın sonuncu günündə klubun üzvlərindən Murad Fətiyev (-90 kq) və Zelim Kotsoyev (-100 kq) turniri bürünc medalla başa vurublar. Murad Fətiyev üçüncü yer uğrunda görüşdə çexiyalı Adam Kopeçkiyə qalib gələrək yeni Olimpiya tsiklinə medalla start verib. 

Dünya, Avropa və Olimpiya çempionu Zelim Kotsoyev isə üçüncü yer uğrunda qarşılaşmada rusiyalı Arman Adamiyan üzərində qələbə qazanıb. 
Qeyd edək ki, yarışın əvvəlki günlərində Azərbaycan millisinin heyətində Balabəy Ağayev (-60 kq) qızıl, Nizami İmranov (-66 kq) isə bürünc medal qazanıb. Bu nəticə ilə Azərbaycan komandası kişilər arasında üçüncü, ümumi medal sıralamasında isə dördüncü yeri tutub.

Turnirin əhəmiyyətini artıran əsas məqamlardan biri də onun Los-Anceles-2028 Yay Olimpiya Oyunları ilə əlaqəli olmasıdır. Belə ki, Ulan-Bator “Böyük Dəbilqə” turnirində cari Olimpiya tsikli çərçivəsində ilk dəfə olimpiadaya lisenziya xalları hesablanıb.

Oxunma sayı: 13 2026-06-22 10:30:15