Bu yaxınlarda kişilər arasında Liqa yarışının ikinci turunda parlaq qələbənin ardından uğurlu çıxışını davam etdirən "Judo Club 2012" klubu daha bir uğura imza atıb. Belə ki, klubun direktoru Fariz Mehdiyev və baş məşqçi İmran İmnanovun təyinatından sonra idmançıların nəticələrində nəzərəçarpacaq yüksəliş müşahidə olunur. Bu dəfə “Judo Club 2012”nin cüdoçuları U-17 yeniyetmələr arasında Liqa yarışının ikinci turunda yüksək nəticələr əldə ediblər.
Mayın 20-22-də Abşeron Olimpiya İdman Kompleksində keçirilən turnirdə klubun təmsilçiləri 2 qızıl və 1 bürünc medal qazanıblar.
Yarışda 100 klub və idman cəmiyyətindən 614 (494 oğlan, 120 qız) idmançı 16 çəki dərəcəsində qüvvələrini sınayıblar.
Klubun üzvlərindən Ayan Həsənli (-44 kq) və Aysu Quliyeva (+70 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medallara layiq görülüb. Bürünc medalı isə klubun aktivinə Ömər Atayev (-81 kq) yazdırıb. Klubun digər üzvü Faiq Qasımov (-73 kq) isə beşinci yeri tutaraq komandanın aktivinə reytinq xalları yazdırıb.
Turniri 3 medalla başa vuran "Judo Club 2012" qızların yarışında birinci, ümumi komanda hesabında isə ikinci yeri tutub. Klubun yetirmələrinin ardıcıl və stabil nəticələri düzgün məşq prosesi və peşəkar yanaşmanın təsadüfi olmadığını göstərir.
Qeyd edək ki, cari ildə U-17 Liqa yarışının ümumilikdə üç turunun keçirilməsi planlaşdırılır və bu turnirlər idmançıların reytinq cədvəlinin formalaşmasında mühüm rol oynayır.