"Judo Club 2012"nin üzvü Murad Fətiyev Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında bürünc medal qazanıb.
-90 kq çəki dərəcəsində qüvvəsini sınayan idmançımız mübarizəyə 1/16 finaldan başlayıb. Əvvəlcə Paris-2024 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı yunanıstanlı Teodoros Tselidisə qalib gələn Murad növbəti mərhələdə estoniyalı Klen Kristofer Kalyulayddan güclü olub. 1/4 finalda fransalı Aleksa Mitroviçi də üstələyən cüdoçumuz yarımfinalda yaponiyalı ikiqat dünya çempionu Qoki Tayimaya məğlub olub.
Lakin üçüncü yer uğrunda qarşılaşmada serbiyalı dünya və Avropa çempionu Nemanya Maydova qalib gələn Murad Fətiyev dünya çempionatının bürünc medalına sahib olub.
Sabah "Judo Club 2012"nin daha bir üzvü, Avropa, dünya və Olimpiya çempionu Zelim Kotsoyev (-100 kq) də tatami üzərinə çıxacaq.
Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan dünya çempionatında Azərbaycan komandasının aktivində hazırda 5 medal var. Bu, dünya çempionatları tarixində rekord nəticədir. Əvvəlki yarış günlərində təmsilçilərimizdən Əhməd Yusifov (-60 kq) qızıl, Zelim Tçkayev (-81 kq) gümüş, Rəşid Məmmədəliyev (-73 kq) və Ömər Rəcəbli (-81 kq) isə bürünc medal qazanıblar.