Zəfərə gedən yol: müqəddəs mübarizədən quruculuq erasınadək

0.jpeg

 

Bu gün Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfərin altıncı ildönümü ərəfəsində 2020-ci il sentyabrın 27-dən etibarən bütün Azərbaycanın cəbhədən gələn xəbərlərin həyəcanı ilə yaşadığı günləri bir daha böyük qürur və ehtiramla xatırlayırıq. Müharibə istənilən dövlət, onun xalqı və Silahlı Qüvvələri üçün ağır və çətin bir sınaqdır. Lakin bu müharibə tarixi ədalətin və ərazi bütövlüyünün bərpası uğrunda, otuz ilə yaxın işğal altında qalan doğma torpaqlarımızın azadlığı naminə aparılırsa, onun bütün sınaqlarından şərəflə çıxmağı bacarmalısan! Xalqımız da viran qoyulmuş, yerlə-yeksan edilmiş şəhər və kəndlərimiz, əcdadlarımızın ruhu və gələcək nəsillərin sabahı uğrunda müqəddəs mübarizəyə qalxdı və qələbə qazandı.

Uca Tanrıya minnətdarıq ki, bu taleyüklü tarixi məqamda Azərbaycana Prezident İlham Əliyev kimi müdrik və qətiyyətli bir şəxsiyyəq rəhbərlik edir. Məhz Onun Müzəffər Ali Baş Komandanlığı altında rəşadətli Ordumuz xaricdən illərlə dəstək alan düşməni cəmi 44 gün ərzində məğlub etdi. Dövlət başçısının cəsarəti və hərbi-siyasi istedadı, xalqımızın sarsılmaz dəstəyi ilə yalnız döyüş meydanında deyil, informasiya cəbhəsində də böyük zəfərimiz təmin olundu.

İlham Əliyevin xarici jurnalistlərlə hər bir görüşü miqyasına görə strateji döyüşləri xatırladırdı. Demək olar ki, hər həftə dünyanın aparıcı teleşirkətlərinin nümayəndələri Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanına suallar ünvanlayırdılar – bəzən qərəzli, tez-tez erməni təbliğat dairələrinin təsiri altında formalaşan suallar… Ölkə rəhbərimizin dürüst, dərin məntiqli və inandırıcı cavabları həqiqi reallıqları əks etdirərək əsl informasiya sıçrayışına çevrildi. Bu cavablar beynəlxalq birliyi ayıltmaqla yanaşı, münaqişənin əsl səbəblərini, erməni təcavüzünün mahiyyətini və işğalçılıq siyasətinin barbar xarakterini bütün dünyaya bəyan etdi.

Bu gün biz xalqımızın tam haqq etdiyi bu Böyük Zəfərin 6-cı ildönümünü sonsuz qürur hissəsi ilə qeyd edirik. SSRİ-nin dağılmasından sonra müstəqilliyimizin ilk illərindən başlamış ta  suverenliyimizi tam bərpa edən 2023-cü ilin lokal antiterror tədbirlərinə qədər Azərbaycan zorla cəlb edildiyi münaqişə şəraitində yaşadı. Lakin biz bütün çətinliklərə sinə gərdik, qalib gəldik!

Bu sarsılmaz məğlubedilməzliyin və milli qürurun rəmzi kimi ucalan möhtəşəm memarlıq abidələrimiz zəfərimizin əbədi təcəssümüdür: Bakıda salınmış Zəfər Parkı Vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın əziz xatirəsinə bəslənilən dərin ehtiramın canlı təcəssümü, Xankəndidə ucaldılmış Zəfər tağı isə tarixi ədalətin zəfərini və azad edilmiş torpaqlarımızda suverenliyimizin əbədiliyini müjdələyən möhtəşəm bir simvoldur. Əgər paytaxtdakı Zəfər Parkı xalqımızın dərin minnətdarlığını və şəhidlərimizin müqəddəs ruhunu tərənnüm edirsə, Xankəndidəki Zəfər tağı bu mübarizənin zəfər tacı olaraq bizi işıqlı gələcəyə aparan qapıları taybatay açır.

Ötən altı il ərzində ölkəmiz əmək cəbhəsində inanılmaz bir sıçrayış edib. Qarabağ və Şərqi Zəngəzu, kül altındakı yandırılmış və minlanmış torpaqlarımız sanki yenidən doğulur. Ən müasir şəhər və kəndlər salınır, nəqliyyat arteriyaları çəkilir, soydaşlarımız öz ata-baba ocaqlarına – abad, ağıllı və işıqlı yaşayış massivlərinə qayıdırlar. Şuşa, Xankəndi, Xocalı, Laçın, Ağdam, Füzuli, Zəngilan, Kəlbəcər, Cəbrayıl, Qubadlı – həyatın yenidən coşduğu, uşaq gülüşlərinin ucucaldığı, toy-büsatların qurulduğu məkanlardır. Genişmiqyaslı bərpa və quruculuq işləri Qarabağ torpağının hər bir guşəsini yeni məna ilə zənginləşdirir.

Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə siyasi və iqtisadi cəhətdən qüdrətli, sosial rifahı yüksək olan bir dövlətin möhkəmləndirilməsi yolu ilə inamla irəliləyir. Bizim əsas məqsədimiz hüququn gücünə, milli ləyaqətə və qarşılıqlı hörmətə əsaslanan dayanıqlı sülh, sabitlik və regionda mehriban qonşuluq münasibətlərini təmin etməkdir.

Böyük Zəfər Bayramınız mübarək olsun!

Azər Əsgərov

Oxunma sayı: 5 2026-11-04 12:10:39